Arama
Tərxun

Adı: Tərxun.

Aləmi: Bitkilər.

Şöbə: Örtülütoxumlular.

Sinif: İkiləpəlilər.

Sıra: Astraçiçəklilər.

Fəsilə: Mürəkkəbçiçəklilər.

Cins: Yovşan.

Növ: Tərxun.


Haqqında digər bilgi:

Tərxun - çox qədim tərəvəz, ədviyyə və dərman bitkisidir. Tərxun bir çox ölkələrdə ədviyyə bitkisi kimi əkilir. Tər, sulu yarpaqlı zoğlarında 5,6% azotlu maddələr, 1,2% yağ, 9,46% azotsuz ekstraktiv maddələr, 2,26% sellüloza, 2,55% kül, 6,3% pektin və s. vardır. Tərxuna ətri efir yağı verir ki, onun miqdarı 0,1-0,4% təşkil edir. Ən keyfiyyətli ətirli tərxun yerli Gəncə təxunudur ki, onad efir yağının miqdarı 1%, C vitamini 70 mq%, karotin 6-8 mq%, rutin 170 mq%-dən çoxdur. Tərxunun tərkibində üzvi turşular və mineral maddələr, aşı, acı qlükozidlər, qatran, karotinoid, flavonoid birləşmələri, xlorofıl və s. maddələr də vardır.

Tərxundan müqavimətartırıcı, iştahaçıcı, həzmi yaxşılaşdırıcı kimi istifadə olunur. Xalq təbabətində tərxundan hazırlanan cövhərdən damarların divarlarının möhkəmləndirilməsində, diş qanaxmalarında və s. istifadə olunur. Bitkidən alınan şirə qanaxmaya qarşı, xroniki mədə xəstəliklərinin müalicəsində müvəffəqiyyətlə istifadə olunur. Bitkinin yaşıl hissəsindən alınan efir yağından tərxun sirkəsi, ədviyyə məhsulları və s. hazırlanır. Tərxun yaşıl tərəvəz və ədviyyə kimi müxtəlif yeməklərə qatılır, təzə halda yeyilir. Göbələk, kələm, xiyar və müxtəlif şorabaların bağlanmasında ədviyyə qatqısı kimi əlavə olunmaqla yanaşı, onları vitaminlərlə də zənginləşdirir. İştah gətiricı kimi soyuq xörəklərə - salat və qəlyanaltılara əlavə olunur. Təzə və qurudulmuş yarpaqlarından sousları, ət və balıq xörəklərini tamlı və dadlı etmək üçün istifadə edilir. Tərxun qənnadı sənayesində də işlədilir, ondan yaşıl rəngli yağ, limonad və s. hazırlanır.

Tərxun bitkisinin bir neçə yabanı növü vardır. Tərxunun əsasən kənd təsərrüfatında xalq seleksiyası sortları becərilir. Azərbaycan, Gürcüstan, Rus tərxunu qismən geniş yayılıb artırılır. Qribovski 31 sortu rayonlaşdırılmışdır. Fransız sortu da becərilməkdədir.

Azərbaycanda “Gəncə tərxunu” məşhurdur. Bu sortu Gəncə ərazisində xalq yaratmışdır. Sort üzərində (1955-1970) M.H.Əlizadə yaxşılaşdırma işi apararaq onu Gəncə və Gəncə ətrafındakı həvəskar dirrikçilər arasında yay-mışdır. Gəncə tərxununun təzə halda yeyilən cavan zoğları olduqca zərif, şirəli, ətirli, xoşagələn tamlı (dadlı), yarpaqları və zoğları bozumtul-tünd-yaşıl rənglidir. Tərkibində quru maddə 18-20 %-ə, efir yağı 0,7-0,8 %-ə və ümumi şəkəri 0,8 %-ə çatır. Yığcam kolu olub, hündürlüyü 100-120 sm-ə çatır, çiçəkləyir, seyrək hallarda toxum yetişdirə bilir. Əkildiyi ildən sonra ikinci ildən altıncı ilədək yüksək və keyfiyyətli məhsul verir. Eyni sahədə 10-15 ilədək yaşayır. Hər vegtasiya dövründə 68 dəfə məhsulu toplanır və orta hesabla hektardan məhsuldarlığı 180-250 sentnerə çatır. GəncəQazax bölgəsində açıq sahələrdə martın əvvəlindən iyun ayınadək keyfiyyətli məhsul yetişdirir. İyun ayından sonra zoğları nazikləşir, qabalaşır, yarpaqları xırdalaşır. Sentyabr, oktyabr aylarında kök boğazından yeməli pöhrə verir.

Qribovski 31 sortu – ÜET Tərəvəz Biktilərinin Seleksiyası və Toxumçuluğu İnstitutunda İngiltərə nümunəsindən seçilərək yaradılmışdır. Zoğları açıq-yaşıl, ətli, şirəli, çiçəklədiyi dövrdə qabırğalı, antosian piqmenti olur və tezliklə odunlaşmağa başlayır. Yarpaqları lansetvarı, seyrək hallarda üçpəncəli, yaşıl rəngli, parıltılıdır. Ortadakı zoğlarının uzunluğu 8-13 sm, eni 0,8-1,5 sm; yan zoğlarının ölçüləri nisbətən kiçik olur, yazda vegetasiyaya tez başlayır və payızda sükunət fazasına tez keçir. Bitkisinin hündürlüyü 100-135 sm olur. Təzə halda salat kimi və konservlərə əlavə etmək üçün istifadə edilir.

Qaynaq: Ədviyyə, Çay bitkiləri Və Dərman Bitkiləri kitabı, Təhsil Nazirliyi, müəllif Abbas İsmayılov, Bakı-2018.

Tərxun
Tərxun torpaqda bitili halda.
Tərxun
Tərxun yığılmış halda.
Yazar: Şükür Məhişoğlu Oxunma: 1205 Bölmə: Kənd təsərrüfatı
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?