Arama
Doqquz kumalaq (korqol)

Doqquz kumalaq oyunu üstolüstü oyunlara aid edilən qədim Türk zəka oyunudur. Türk dünyasının müxtəlif ellərində doqquz kumalaq, doqquz korqol və b. kimi adlarla tanınır. köçürmə (manqala, qığ mərə) oyunu ilə bənzərlik təşkil etməkdədir.

Oyun sahəsi, düz taxta parçası üzərində 9 cüt oyulmuş kiçik quyulardan və bunlardan əlavə olaraq oyulmuş 2 böyük quyudan ibarətdir. Bu oyulmuş 9 cüt kiçik quyulara oymaq deyilir. Əlavə olaraq oyulmuş 2 böyük quyulara isə qala, otaq, xəzinə adı verilmişdir. Oymaqların hər birinin içində 9 daş (toplam 162 daş). Bu daşlara su, bodun, adam yaxud əsgər adı verilir.

Oyunu iki nəfər oynayır. Oyunun 2 məlum qaydası var. Qayda 1. Oyuna başlayan oyunçu öz tərəfində olan 9 oymağın istənilən birindən bütün daşları götürür. Bir daşı götürdüyü oymağa buraxaraq saat əqrəbinin əksi istiqamətində, götürdüyü bütün daşları bitənə qədər hər oymağa bir daş qoyur. Əgər sonuncu daşı qoyduğu oymaq rəqib tərəfdədirsə və həmin oymaqdakı daşların sayı təkdirsə və bu sonuncu daşı həmin oymaqa qoyaraq oymaqdakı daşların sayını cüt edərsə həmin daşların hamısını götürərək öz otağına yığır. Sonra oyun oynamaq sırası rəqib oyunçuya keçir. Qayda 2. Oyuncu öz tərəfində olan 9 oymaqdan istənilən birindən bütün daşları götürür. Bir daşı götürdüyü oymağa qoymaqla saat əqrəbinin əksi istiqamətində götürdüyü bütün daşlar bitənə qədər hər oymağa bir daş qoyur. Əgər sonuncu daşı qoyduğu oymaqda 2 daş varsa və bu sonuncu daşı həmin oymağa qoyaraq oymaqdakı daşların sayını 3 edərsə həmin oymağı tutmuş olur. Həmin tutduğu oymağa düşən bütün daşlar həmin oymağı tutmuş oyunçunun otağına (qalasına, xəzinəsinə) gedir.

Oyunun sonunda kimin udub kimin uduzması da 2 qaydaya əasən müəyyən edilir. Qayda 1. Əgər oyunçulardan biri 82 daşı, yəni toplam 162 daşın yarısından çoxunu qazanarsa həmin oyunçu oyunu udmuş hesab edilir. Oyun bitirilir. Qayda 2. Əgər hansısa oyunçunun öz tərəfindəki 9 oymağının hər hansı birində bir ədəd də olsa daş qalmamışsa oyun bitir və digər oyunçunun öz tərəfindəki oymaqlarında olan bütün daşlar həmin oyunçunun öz otağına (qalasına, xəzinəsinə) yığılır. Və hər iki oyunçunun otağındakı daşlar sayılır. Hansı oyunçunun otağında daha çox daş olarsa həmin oyunçu oyunu udmuş hesab edilir. Əgər birinci halda udan tərəf ən çoxu 82 (yaxud 25) adamla oyunu qazanırsa, ikinci halda udan tərəf müxtəlif sayda adam qazanaraq udur.

Bu oyun, oyunu oynayan oyunçularda riyaziyyatı və hesablama elmini aşılamaqla yanaşı özündə Türk tarixinin və törəsinin hissələrini daşımaqdadır. Belə ki, oyun zamanı öz otağına yığdığın adamların sayı əhalinin çoxunun sənin ağıllı olduğun üçün tərəfinə keçməsi deməkdir ki, bu da toy ya da kurultoyda olanların yarıdan çoxunun sənin tərəfinə keçməsi deməkdir. Hər oymaqda olan admların (daşların) tamamını götürdükdən sonra yerində bir adam (daş) saxlamaq isə ata ocağıda bir nəfərin qalması qaydasını təmsil etməkdədir. Oymaqdakı adamların (daşların) sayının cüt olması zamanı onları öz otağına yığmaq isə bir yerdə bir baş olmasını, iki baş olan yerdə hüzursuzluq olacağını bildirir.

Yazar: Şükür Məhişoğlu Oxunma: 337 Bölmə: Oyunlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?