Arama
Bəbir (heyvan)

Adı: Bəbir (Panthera pardus ciscaucasica).

Dəstə: Yırtıcılar (Carnivora).

Fəsilə: Pişiklər (Felidae).

Kateqoriyası və statusu: NT; II.3.

Sayı: Respublika ərazisində işğal olunmuş ərazilər daxil olmaqla, 17-yə qədər fərdin yaşayıb qalması hesab olunur.

Yayılması: Son 10 ilin tədqiqatları bəbirlərin Hirkan meşələrində, Zəngəzur silsiləsində, Darıdağ, Nehrəmdağ və Dərəşamda, Mingəçevir su anbarının şimalında Axar-Baxar silsiləsində yaşayıb qalmasını müəyyən etmişdir.

Məhdudlaşdırıcı amillər: İnsan tərəfindən birbaşa təqib olunması və əsas qida obyektlərinin sayının kəskin azalmasıdır.

Mühafizəsi üçün IDEA tərəfindən həyata keçirilən tədbirlər: Bəbirlərin mühafizəsi çərçivəsində IDEA İctimai Birliyi, beynəlxalq və yerli tərəfdaşları ilə birlikdə hər il ictimaiyyətin maarifləndirilməsi istiqamətində bir sıra tədbirlər, o cümlədən məktəblilər üçün yay düşərgələri, tələbələr üçün elmi seminar və praktiki məşğələlər, gənclər üçün müsabiqələr və s. təşkil edir. Bununla yanaşı, beynəlxalq ictimaiyyətin Qafqaz bəbirlərinə diqqətini artırmaq və onların mühafizəsi istiqamətində səyləri səfərbər etmək məqsədilə, IDEA İctimai Birliyinin təşəbbüsü ilə 2014-cü ilin may ayında Bakı şəhərində tarixdə ilk dəfə olaraq, Qafqaz Pişikkimiləri üzrə beynəlxalq Sammit (Caucasus Cat Summit) təşkil edilmişdir. Qafqaz bəbirlərinə həsr olunmuş Sammitdə dünyanın qabaqcıl pişik mühafizəsi mütəxəssisləri ilə yanaşı, nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Ətraf Mühit Proqramı (UNEP), Təbiəti Mühafizə İttifaqının (IUCN), Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF), Pantera təşkilatı, Smitson İnstitutunun, London Zoologiya Cəmiyyətinin və Harvard Universitetinin təmsilçiləri və Azərbaycandan olan alimlər də Sammitdə iştirak etmişlər. Bu xüsusda mütəxəssislər və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri mühazirələrlə çıxış etmiş və müzakirələr aparmışlar. Sammit Qafqaz bəbirlərinin mühafizəsi istiqamətində ilk əlamətdar addım və başlanğıc nöqtəsi olmuşdur. Sammitin davamı olaraq, London Zoologiya Cəmiyyəti (ZSL) tərəfindən Azərbaycanda bəbirlərin mühafizəsi və populyasiyasının artırılması üzrə hesabat hazırlanmış və bu istiqamətdə bir sıra dəyərli tövsiyələr əks olunmuşdur. Həmçinin, IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisinin mütəxəssislərindən ibarət işçi qrup təsis edilmişdir. İşçi Qrup tərəfindən ZSL-in qeyd olunan hesabatı əsasında “Azərbaycanda bəbirlərin sayının bərpa edilməsi” layihəsi üzrə Fəaliyyət Planı və müvafiq yol xəritəsi tərtib edilmişdir. Hazırda, layihənin icra olunacağı mümkün ərazilərin beynəlxalq mütəxəssislər tərəfindən təhlili həyata keçirilir. Qeyd edək ki, bəbirlər CİTES Konvensiyasının 1 №-li Əlavəsinə daxil edilmişdir.

Mənbə: https://azerbaijan.az/

Yazar: Şükür Məhişoğlu Oxunma: 607 Bölmə: Təbiyyət
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?