Arama
Tofiq Bəhramov adına Respublika Stadionu

Bu gün ən möhtəşəm idman tədbirlərinin keçirildiyi milli stadion əfsanəvi hakim Tofiq Bəhramovun adını daşıyır və dünyada hakimin şərəfinə alandırılan yeganə futbol arenasıdı. Görkəmli hakimin adının əbədi ünvan tapdığı stadionun rəsmi açılışı 1951-ci ilin 16 sentyabrında keçirilib.

Tikintisinə 1939-cu ildə başlanılsa da, Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar stadionun tikinti işləri yarımçıq qalıb. Tikinti işləri yalnız müharibədən sonra davam etdirilib və 12 illik fasilədən sonra idman azarkeşlərinin ixtiyarına verilib.

Alman hərbi əsirləri tərəfindən tikilən stadion yuxarıdan C hərfini xatırladır. Stadionun arxitekturası o zaman xalqların rəhbəri sayılan Stalinin şərəfinə qurulub. Kommunist Partiyasının 20-ci qurultayından sonra stadion Leninin adını daşıyıb. 1993-cü ildə dünya şöhrətli hakim Tofiq Bəhramov dünyasını dəyişəndən sonra stadion onun adını daşımağa başlayıb.

Tofiq Bəhramov Stadionu Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) tərəfindən ilk dəfə 1996-cı ildə beynəlxalq oyunların keçirilməsi üçün lisenziya alıb. 2001-ci ildə arenanın qüllələri təzələnib. Ot örtüyü isə 2002-ci ildə dəyişdirilib, drenaj sistemi quraşdırılıb. 2007-ci ildə elektron tablosu dəyişdirilib, Sovet dövründən qalmış tablo müasiri ilə əvəzlənib. 16 avqust 2012-ci ildə Tofiq Bəhramov adına Respublika Stadionunun əsaslı təmir və yenidənqurmadan sonra açılmışdır.

Stadionun 85 min 700 kvadratmetr ərazisində əsaslı təmir və yenidənqurma işləri Koreya Respublikasının "Samhwa Telecom" şirkəti tərəfindən həyata keçirilmişdir. Oturacaqlarının sayı 29 min 870-dən 31 min 200-ə çatdırılmış stadionun ot örtüklü futbol meydançası FİFA standartlarına tam uyğun şəkildə yenidən qurulmuşdur.

Stadionun ot örtüyünün yenidən qurulması Niderlanddan gətirilmiş xüsusi toxum vasitəsilə həyata keçirilmişdir. Meydançanın ətrafındakı qaçış zolağı da Almaniyadan gətirilmiş xüsusi örtüklə yenidən qurulmuşdur.

Yazar: Rüstəm Abbasov Oxunma: 170 Bölmə: Yerlər və bölgələr
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?