Arama
Tikal Milli Parkı

Adı: Tikal Milli Parkı.

Ölkə: Qvatemala.

Sahəsi: 575.83 km 2 (57583 hektar).

Qorunması: 1955-ci ildə Qvatemala milli park, 1979-cu ildən UNESCO-nun ümumdünya irsi kimi qorunur.


Haqqında digər bilgi:

Tikal Milli Parkı - Mərkəzi Amerikanın mərkəzində, Qvatemalanın şimalında-Peten bölgəsində yerləşən və günümüzə qədər gəlib çatmış ən əhəmiyyətli Maya memarlıq abidələrindən biridir. Tikal və onun ətrafı, Qvatemala hökuməti tərəfindən 1955-ci ilin may ayında eyniadlı milli parka daxil edilmişdir. Milli park 57583 hektar ərazini əhatə edir. 1979-cu ildə Maya sivilizasiyasının təbii qoruğu və mədəni qorunan ərazisi kimi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Dünyanın biosfer qoruqlarının bir hissəsidir.

Tikal şəhəri Mayyaların (Maya, Mayalılar) ən güclü krallıqlarından biri olan Mutul krallığının paytaxtı olub. Tikalda hindu məskəni hələ e.ə. VII əsrdən mövcud idi. B.e. I-IX əsrlərdə şəhər Mayya sivilizasiyasının mühüm mərkəzlərindən idi. Tədqiqatçıların hipotezinə əsasən, bu zaman Tikalda əhalinin sayı 100-200 min nəfər təşkil edirdi. X əsrin sonlarında bir sıra qiyam hadisələri nəticəsində şəhər yerli camaat tərəfindən tərk edilmişdi. Tikal adının mənası mayya dilindən tərcümədə "ruhların səslərinin eşidildiyi yer" mənasını verir. Heroqlifik yazılarda şəhərin daha qədim adı olan Yaş-Mutul (yaşıl bağ) qeyd olunur.

Hollivudun Ulduz müharibələrinin çəkilişləri zamanı Tikalın xarabalıqları fon rəsmi kimi istifadə edilirdi. Tikal 2012-ci il fenomeni qeyd olunan ən mühüm yerlərdən biri olmuşdur. Lakin hakimiyyətin fikrincə bu bayramın nəticəsində abidəyə əhəmiyyətli dərəcədə ziyan dəymişdi. Şəhərin ərazisi 60 km2-ə yaxındır. Şəhərdə yüzlərlə daş tikili vardır; ancaq onların az hissəsi qazılmışdı.

Şəhərin böyük məbədlərinin əksəriyyəti XVIII əsrdə tikilmişdir. Tikal şəhərinin mərkəzi hissəsində 6 dənə pilləli ehram (platforma), üzərində isə məbəd yerləşir. Əvvəlki arxeoloqlar tərəfindən bu piramidalar nömrələnmişdir. Konstruksiyaların taxta elementləri dəmir ağacından düzəldilmişdi və məhz buna görə də, öz yaşına baxmayaraq qorunub saxlanılmışdı. I Məbəd 695-ci ildə, III Məbəd 810-cu ildə inşa edilmişdi. 72 metr hündürlüyündə olan və şəhərin ən böyük IV məbəd-piramidası 720-ci ildə, V Məbəd 750-ci ildə, VI Məbəd isə 766-cı ildə tikilmişdi. Digər tikililər sırasında şəhər hakimlərinin saraylarını, daha kiçik ölçüdə olan məbədləri, top oyunu məqsədilə tikilən sahəni (belə qədim top oyunu üçün tikilmiş stadionlar mayya şəhərləri üçün tipik idi - oyun çox güman ki, ritual xarakter daşıyırdı) qeyd etmək olar. Təkcə antik şəhərin mərkəzi hissəsi 3000 binanı əhatə edir.

Tikal xarabalıqları haqda ilk məlumatlar XVII əsrə aid edilir. 1848-ci ildə şəhərin tədqiqatı məqsədilə ilk elmi ekspedisiya təşkil edilmişdi. XIX-XX əsrlərdə onların sayı bir neçə idi, barelyef və yazılardan şəkillər götürülmüşdü. 1951-ci ildə obyektə çıxışı asanlaşdırmaq üçün uçuş xətti inşa olunmuşdu. 1957-1970-ci illərdə Pensilvaniya Universitetinin işçiləri tərəfindən çox böyük miqyasda iş görülmüşdü. 1979-cu ildə Qvatemala hökuməti Tikalda yeni arxeoloji proyekt təşkil etdi və bu günə kimi arxeoloji qazıntı işləri davam etdirilir.

Park əhəngdaşı örtülü ərazidə yerləşir, ona görə də səthi su baxımından zəifdir; iqlimi rütubətli tropikdir; il ərzində quraqlıq mövsümü yağışlı mövsümə keçir və temperatur 15 ilə 35 ° C arasında dəyişir. 50 metrə qədər yüksələn tacları olan sıx meşə ilə əhatə olunub. Ən çox yayılmış ağaclar Seyba, Ətirli sidr, Sapodilla, Qırmızı ağac və digər qiymətli ağaclardır.

Parkda boz tülkü, yaquar, puma, oselot, Meksika dördbarmaqlı qarışqa yeyən, şimal tapir, ulayan meymunlara, pekari, armadillolara və yarasalara rast gəlmək olar. Tikal Milli Parkı çoxlu sayda quşların evidir. Burada Cənubi Amerika harpiyası, hinduşka, şahin, xallı bildirçin və çoxlu tutuquşular, tukanlar, qarğalar, müxtəlif növ kolibrilər yaşayır. Suda-quruda yaşayanlar da qoruğun açıq yerlərində rahatca dolaşır. Tikal Milli Parkında 19 növ qurbağa, 5 növ tısbağa, 24 növ kərtənkələ, 41 növ ilan (onların arasında zəhərli olanlar da var), salamandr və timsah yaşayır. Parkda minlərlə məhv edilmiş struktur var, onların çoxu qazılmamışdır. Bu gün Tikal şəhəri Qvatemalanın milli simvolu və qürur mənbəyidir..

Qaynaq: portal.azertag.az, şəkillər: Arkeoloji ve doğal güzellikler açısından büyüleyici bir bölge: Tikal

Tikal Milli Parkı
Tikal Milli Parkından görünüş.
Tikal Milli Parkı
Tikal Milli Parkından görünüş.
Tikal Milli Parkı
Tikal Milli Parkından görünüş.
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?