Arama
İlhıçı və ya ilhıçılar (İlxıçı və ya İlxıçılar)

Adı: İlhıçı və ya ilhıçılar (İlxıçı və ya İlxıçılar).

Adının anlamı: Yılkı/ilhı/ilxı-at saxalayanlar, bəsləyənlər, yetişdirənlər.

Sözün kökəni: Türkçə.


Harda: Azərbaycanda və güney Azərbaycanda yaşayış (yurd) yerləri və yer adları.

Hansı boydan: Padar poyuna mənsub olması iddia edilir (tartışmalıdır).


Haqqında digər bilgi:

İlhıçı və ya İlhıçılar (İlxıçı və ya İlxıçılar), günümüzdə Azərbaycan və güney Azərbaycanda yaşayış yerləri və ya yer adları, keçmiş zamanlarda boy olmuş ya da hansısa boyun bir soyu-tirəsi olmuş Türk toplumu. Adı yılkı sözündən gəlməkdədir, anlamı at yetişdirənlər deməkdir. Günümüzdə İlhıçı, İlxıçı kimi tələffüz edilir.

İlhıçılar haqqında tarixi qaynaqlar olduqca məhduddur. Olan qaynaqlarda İlhıçıları Padarlarların bir soyu, tirəsi ya da onların bir hissəsi kimi təsvir etməkdədir. 19-cu yüz illikdə Cavad qəzası haqqında olan bir bilgidə Padarların İlhıçı/İlxıçı, Qaraçörünlü, Pölüklü, Ahtaçı/Axtaçı, Küyülçü tirələrinin olması barəsində məlumat vardır (Paşa Yaqub. Padar kəndinin ensiklopediyası). Padarlar bəzi qeydlərə görə (İlkanlar, Elxanlar) İlhanlı xanlığı dönəmində digər Oğuz boyları ilə birlikdə buralara gəlmişlər. Həmin dönəmdə İlhıçı tirəsinin, soyunun və ya bir İlhıçı boyunun mövcud olması məlum deyil. Əgər mövcud olmuşsa çox güman ki, İlhıçılarda Padarların bir parçası kimi hərəkət etmişlər.

XVI-XVIII əsrlərdə Osmanlı türkləri tərəfindən tərtib edilmiş “Tiflis əyalətinin müfəssəl dəftəri” adlı sənəddə Timurçuhəsənli nahiyəsində İlxıçı qışlağı oymağının adı qeyd olunmuşdur. Qarabağ xanlığının şəhər və kəndlərinin siyahısında İlhıçı/İlxıçı kəndinində adı keçməkdədir. Kənd cəmi 5 evdən ibarət olub və hamısınında müsəlman olması sənəddə öz əksini tapmışdı.

Bəzi tədqiqatçılar Ahtaçı/Axtaçı toplumu ilə İlhıçı toplumunu eyniləşdirmiş, eyni toplumun ayrı-ayrı adları kimi izah etmişdir. Həqiqətəndə Ahtaçı adıda eyni ilə İlhıçı adı kimi at ilhısı yetişdirən, ata baxan, atçı anlamını verməkdədir. Digər tərəfdən də qaynaqlarda Ahtaçılarında Padarların bir tirəsi olmaları haqqında bilgilər mövcuddur (V. H. Əliyev, F. S. Xəlilov. Ağsunun tarixi səhifələri).

Bəzi tədqiqatçılarda İlhıçıları özəl bir danışıq ağzına (ləhcəsinə) malik ayrı bir toplum-boy kimi göstərir. Cahangir Karini Ərdəbil eli ağızları tədqiqat işində İlhıçı ağzı (ləhcəsi) haqqında da bir çox bilgi vermişdir.

Bəzi qaynaqlarda İlhıçı adının xüsusi bir soy-boy adı olmadığını, istənilən boyun at saxlayanlarına İlhıçı deyilməsi qeyd olunmuşdur. Belə ki, bir çox hallarda İlhıçı sözünün tək deyil hansısa bir şəxsin adı ilə yanaşı işlədildiyini görə bilərik. Örnəyin, Əlicanlı İlhıçı kimi. Bu bəzi tarixçilər tərəfindən Əlican adında bir adamın ilxısını bəslədiyi yer kimi izah edilir (Cəmilə Elsevər. Ağsu-dünəndən sabaha).

Yuxarıda qeyd olunduğu kimi İlhıçıların bu yerlərə Padarlarla birlikdə ya da onların tərkibi kimi köçüb gəldiklərini iddia edən mənbələrlə yanaşı İlhıçıların bu yerlərə Anadoludan müstəqil bir boy kimi köçüb gəldiklərini və heç yerdən gəlməyərək bu yerlərdə məşğuliyyətlərindən dolayı hansısa boyun bu adı aldığınıda iddia edənlər vardır. Qələmşah İdrisov Xaçmaz toponimləri adlı əsərində İlhıçıların Osmanlı soyunun hakimiyyəti illərində Anadoludan köçərək buralara gəldiyini yazmaqdadır. Əsərdə həmçinin 1921-ci ilin məlumatına dayanaraq Quba-Xaçmaz bölgəsində olan Qasımqışlaqlı, Xəlifələr, Ulduğ, Zərgərli, İlxıçı Həsən Əfəndi, İlxıçı Məmmədxan, İlxıçı Qaradağlı, Əhmədli, Xırdaoymaq kəndlərinin İlhıçı boyunun kəndləri olduğu qeyd edilmişdir. Firidun Ağasıoğlu Qədim Türk eli Saqa-Qamər boyları adlı əsərində İlhıçıları Urmu, Xəzər və Azaq suları ətrafında mövcud olmuş bir mədəniyyətin daşıyıcıları hesab edir. Həmin əsərdə İlhıçıların Urmudan başlayaraq ətrafa yayıldığıda qeyd edilməkdədir. Yeri gəlmişdən Padarlarında ana vətənini güney Azərbaycan olduğunu iddia edən müəlliflərdə vardır (İ. M. Meşanninov)

Yuxarıda qeyd olunan bilgiləri ümumiləşdirsək belə bir nəticəyə gələ bilərik ki, öncələri Padarların bir soyu, bir tirəsi olan İlhıçılar özlərinə aid yurdlarda, oymaqlarda məskunlaşmışlar. Bir çox coğrafiyada Padarlarla iç-içə yaşayan İlhıçılar sonradan müstəqil boy, fərqli bir toplum olmuşlar. Ancaq istənilən halda İhıçılarla Padarlar arasındı sıx bir əlaqə mövcud olmuşdur. Belə ki, İlhıçılarla Padarların bir-biri ilə bir ilişgilərinin olması kiçik bir araşdırmada mütləq ortaya çıxmaqdadır. İlhıçılarla bağlılığı olan Qaradağlı kəndinin həmdə Padarla da bir bağlılığının olduğu (Padar Qaradağlısı) buna bir örnək ola bilər.

Günümüzdə İlhıçı/İlxıçı adı ilə adlandırılan yer adları.

Ağsu rayonu İlxıçı kəndi: Ağsu r-nunun Qaraqoyunlu inzibati ərazi vahididə (i.ə.v.) kənd. İlxıçı kəndi Nazirçayın vadisində, Şirvan düzündə yerləşir. Kənd haqqında olan bilgilərə hələ 1824-cü ilin arxiv sənədlərində rast gəlinir. Həmin sənədlərdə kəndin 38 ailədən ibarət olması haqqında məlumat vardır (Cəmilə Elsevər. Ağsu-dünəndən sabaha). Vaxtı ilə kəndin adı İlxıçı Əlicanlı olmuşdur. Azərbaycan toponimlərinin ensklopedik lüğətində adda olan Əlicanlı qismi belə izah edilir: Yaşayış məntəqəsi ilxıçıların bir qrupuna başçılıq edən Əlican adlı şəxs tərəfindən salındığı üçün belə adlandırılmışdır (Azərbaycan toponimlərinin ensklopedik lüğəti.).

Ağdam rayonu İlxıçılar kəndi: Ağdam r-nunun Güllücə i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Kənd daha öncələr Tərtər rayonuna bağlı olsada sonralardan Ağdam rayonuna bağlanmışdır. Tərtər şəhərinə daha yaxın məsafədə yerləşir. Kənd 1994-cü ilin aprel ayında işğal edilmiş, tamami ilə dağıdılmışdır. 2020-ci ilin noyabr ayında işğaldan azad edilmişdir. Kəndin vaxtı ilə Bərdə ərazisində mövcud olmuş eyni adlı kənddən köçüb gələnlər tərəfindən salındığı haqqında bilgilər var. Azərbaycan toponimlərinin ensklopedik lüğətində yaşayış məntəqəsinin ilxıçılar tayfasının məskunlaşması nəticəsində yarandığından belə adlandırıldığı qeyd edilmişdir.

Tərtər rayonu İlxıçılar kəndi: Tərtər r-nunun Azad Qaraqoyunlu i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqələri ilxıçılar tayfasının məskunlaşması nəticəsində yarandığından belə adlandırılmışdır. Çox güman ki, bu kənd Bərdədən köç edərək Ağdamda məskunlaşmış İlxıçılar boyunun bir qrupunun burda məskunlaşması nəticəsində əmələ gəlmişdir.

Xaçmaz rayonu İlxıçı kəndi: Xaçmaz r-nunun Qalaqan i.ə.v.-də kənd. Samur-Dəvəçi ovalığındadır. Azərbaycan toponimlərinin ensklopedik lüğətində bu bilgilər qeyd edilmişdir: Kəndin keçmiş adı İlxıçı Həsən Əfəndi olmuşdur. Quba xanları tərəfindən xanlığın qazısı Həsən Əfəndiyə bağışlanmış və vergilərdən azad edilmiş ilxıçı tayfasının məskunlaşdığı kənd olmuşdur. Sonralar oykonimin tərkibindəki Həsən Əfəndi komponenti atılmışdır.

Xaçmaz rayonu Məmmədxan İlxıçı kəndi: Xaçmaz r-nunun İlxıçı i.ə.v.-də kənd. Kənd öncələr Niyazoba i.ə.v-nə bağlı olmuş 13 dekabr 2011-ci il tarixli 271-IVQ saylı qanunla (http://www.e-qanun.az/framework/23024) İlxıçı i.ə.v-nə bağlanmışdır. Samur-Dəvəçi ovalığındadır. Kəndin keçmiş adı Məmmədxan İlxıçı olmuşdur. Azərbaycan Respublikasının 29 may 2015-ci il tarixli, 1300-IVQ saylı bəzi kəndlərinin adlarının dəyişdirilməsi barədə qanunla (http://www.e-qanun.az/framework/30179) kəndin adı Məmmədxanlı olaraq adlandırılmışdır. Azərbaycan toponimlərinin ensklopedik lüğətinə görə Məmmədxan həmin ərazidə məskunlaşmış ilxıçı tayfasına mənsub ailələrin başçısının adı olmuşdur.

İlxıçı dağı: Şamaxı r-nu ərazisində dağ. Pirsaat çayının sol sahilindədir. Hün. 673 m. Azərbaycan toponimlərinin ensklopedik lüğətinə görə dağ keçmişdə heyvançılıqla məşğul olmuş İlxıçı boyuna məxsus yaylaq yurdu olduğu üçün belə adlandırılmışdır.

Güney Azərbaycanda İlxıçı şəhəri: İndiki İranın bir əyaləti olan Doğu Azərbaycan ostanınında, Urmiya gölünün doğusunda, Təbriz şəhərindən 30-31 km batıda yerləşən şəhərdi. Şəhərdə 13-14 min nəfərin yaşadığı ehtimal olunur.


Qaynaqlar:

Şurəddin Məmmədli. Borçalı tarixi.

Cəmilə Elsevər. Ağsu-dünəndən sabaha.

Paşa Yaqub. Padar kəndinin ensiklopediyası.

V. H. Əliyev, F. S. Xəlilov. Ağsunun tarixi səhifələri.

Cahangir Karini. Ərdəbil eli ağızları.

Azərbaycan toponimlərinin ensklopedik lüğəti. 1-ci cilit.

Qələmşah İdrisov. Xaçmaz toponimləri.

Tofiq Mustafazadə. Qarabağ xanlığı.

Yazar: Şükür Məhişoğlu Oxunma: 263 Bölmə: Topluluqlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?