Arama
Göytürklər dönəmi

Adı: Göytürklər dönəmi.

Anlamı: Türk kakanlıqında Göytürklərin hakimiyyətdə olduğu dönəm.

Soyları: Aşina və ya Asina soyu.

Boyları: Göytürklər boyu.

Qol: Oğuz qolu.

Budun: Türk.

Hakimiyyət illəri: 552-745-ci illər.

Ən məhşur kakanları: Bumun (İl) kakan, Mukan kakan, Kutluq (İltiriş) kakan, Kapaqan Kakan, Bilgə kakan.

Ən məhşur şəxsləri: Kürşad, Nuşifu, Funien, Bilgə Tonyukuk.

Haqlarında dastan və kitablar: Kürşad dastanı, Bozqurtlar dirilir (Hüseyn Nihal Atsız), Bozqurtların ölümü (Hüseyn Nihal Atsız).


Haqqında digər bilgi:

Göytürklər dönəmi, Türk kakanlıqında 552-ci ildə hakimiyyətə gəlmiş Göytürk soyunun hakimiyyət dövrüdür.

Hələ 480-cı ildə Kupça və ətraf bölgələrində Sienpilərdən törəyən Aparlar , Tuko və Göytürk boyları qiyam qaldırdılar. Orda bir el qurdular. Aparlar, Tuko, Göytürk və başqa daha 20-dən çox boyun qatıldığı kurultoyda 500-cu ildə Taqbaçlardan olan Kakan ailəsi qanundan kənar elan edildi və Apar boyunun hakim soyu kakanlıq soyu oldu. Apar boyundan olan Kakanlar həm doğuda, həm batıda fəthlər etmişlər, əsas olaraq Çinlə müharibələr aparmışlar. Lakin, hakimiyyətə gəlməkdə yardımçı olmuş müttəfiq boylarla münasibətləri korladılar.

Artıq Göytürk boyları özləridə el qurmuşlar. Göytürklərin kanı və Türk kakanlıqının yabqusu olan Bumun kan 546-cı ildə Kakanın qızı ilə evlənmək istəmiş lakin, Kakan bu elçiliyi rədd etmişdir. Bundan sonra Bumun kan Tabqaçlardan olan keçmiş şadla evlənmiş və Aparlardan olan Kakan bununla da böyük dəstəyini itirmişdir. Bundan sonra güç əlində olan Bumun kan başçılığında Göytürklər 552-ci ildə, Aparlardan olan Onabay kakan zamanında Türk kakanlıqında hakimiyyətə sahib oldular. Göytürklər zamanında yüksək səviyyəli dövlət vəzifələrini tutanlar bir boya deyil, Göytürk elinə daxil olan müxtəlif boylara mənsub idilər. Göytürklər iqtidara gəlməmişdən əvvəl elə daxil olan bəzi boyların ataları Altay dağlarının doğu ətəklərində toplu bir halda ənənəvi sənətləri olan dəmirçiliklə məşğul olur, Türk Kakanlıqını silahla təmin edirdilər. 552-ci ildə hakimiyyət Aparlardan alındıqdan sonra Göytürk elinin qurucu boyunun boy bəyi Uluç Yabqunun oğulları Bumun Kakan və İstemi isə sol el (batı qanadının) kanı oldu.

Bumun kakan İl kakan adını aldı. Bumun kakan 552-ci ilin sonunda vəfat etdi. Kurultoyda Bumun oğlu Kara 552-ci ildə kakan seçilmişdir və bilinməyən bir səbəbdən 553-cü ildə hakimiyyətdən salınaraq qardaşı Mukan (553-572-ci illər) kakan olmuşdur. Kara kakan hakimiyyətdən uzaqlaşdırılmışdır, İstem kan isə batı qanadının kanı olaraq qalmışdır.

Mukan kakan Çinə yönələrək vaxtı ilə Tabqaçların qurduğu eli (Tabqaçlara mənsub olan kakanların axırıncılarının mənliksizliyindən) ələ keçirən olan Çou soyunun (557-581-ci illər) və sonra da digər Çinli Tsi (Chi) soyunun (550-557-ci illər) krallıqlarını Türk kakanlıqına bağladı. 100 min nəfərlik böyük bir orduya malik olan Mukan Kakan 564-cü ildə Tsinin başkəndi Tsin-yanqı mühasiriyə aldı və Türk kakanlıqına tabe etdirdi. Bundan sonra Çou hökmdarı Vu 568-ci ildə könüllü olaraq Türk kakanlıqına tabe oldu və Mukan kakanın qızı Aşina ilə evləndi.

Türk kakanlıqının doğusunda bu işlərin görüldüyü zamanda digər tərəfdən də Aparlar 555-ci ildə kakan Mukanın tapşırığı ilə Balamir kanın əsasın qoyduğu və Atilla kanın davam etdirdiyi fəth siyasəti nəticəsində o dövürlərdə əldə edilmiş həmin torpaqlarda yenidən Türk hakimiyyətini təmin etmək üçün batıya doğru yola çıxmışlar. Aparlar 557-ci ildə Qafqazı fəth etmiş, 558-ci ildə Sabarları tərkibinə qataraq Konistantinapola (İstanbula) elçi göndərərək Bizansı xərac və torpaq verməyə məcbur etmişdir. Apar elinin 562-ci ildə başına keçmiş Bayan kan Atilla kanın ölümündən sonra dağılmış bir çox İslav və Türk boylarını birləşdirmiş, başkəndi Padova olmaqla Türk kakanlıqına bağlı bir el qurmuşdur . Daha sonra Türklər Dalmaçyada və Balkanlarda geniş bir fəth hüçumlarına başladı. Bizans İmperatoru Türk kakanlıqının Aparlardan təşkil edilmiş ordusunun qarşısını almaq məqsədiylə Aşağı Tuna hövzəsində başda Andlar olmaq üzrə bəzi İslav boylarından ibarət bir müdafiə cəbhəsi qurmağa çalışdı. Lakin, 562-ci də bu maneyəni rahatlıqla aşan Türklər Bizans sərhədlərinə çatdılar. 565-ci ildə Thurinqianı alaraq Frak kralı I Siqiberti əsir aldılar. Avropa içlərinə doğru böyük əraziləri tutdular. Bizans İmperatorunun vergi ödəməməsinə görə Orta Karpatlara girdilər. Türklər 568-ci ildə bu günkü Macar eliı tamamilə hakimiyyətləri altına aldılar və 582-ci ildən 586-cı ilə qədər fəthlərin davam etdirərək mövqelərini gücləndirdilər.

Bu vaxtlar 567-ci ildə başkənt Ötükəndən Türklərin şərtlərini qəbul etdirmək üçün Bizansa heyət göndərildi. Heyətin başında Soqdlu adlı ipək taciri və Maniak adlı bir diplomat dururdu. Mənbələrdə bildirilir ki, İmperator II Jastins Türkçə yazılmış məktubdan və Maniakın danışığından məsələnin ciddiliyni anlamış və müttəfiqliyin qurulması üçün 569-cu ilin avqustunda vali Zemarxosun başçılığı ilə Ötükənə nümayəndə heyəti göndərmişdir.

Mukan kakan 572-ci ildə vəfat etdi. Ötükəndə Mukan kakanın təntənəli dəfn mərasimi keçirildi. Mərasimə Bizans başda olmaqla qonşu dövlətlərin hamısının nümayəndəsi qatılmışdırlar. Elə həmin il kurultoyda Tapo kakan seçildi. Çou və Tsi hökmdarları Tapo kakanı təbrik üçün 100 min ton ipək və başqa hədiyyər vermiş, Tapo kakan isə onlara oğullarım deyərək müracət etmişdir.

Tapo kakan kakanlıqın doğusun yenidən iki idarəetmə mərkəzinə ayırmış, doğunun doğusuna İşbaranı və doğunun batısına Tolopieni kan təyin etmişdir. Özüdə bir Tsi şahzadəsi ilə evlənmə sevdasına düşmüş, üstəlik budda heykəli və məbədi tikdirərək, Türk ictimai həyatına uyğun olmadığı halda buddizmi himayə etməyə cəhd etmişdir. Xarici siyasətdə də səhv addımlar atmışdı. Tsi dövlətinin 577-ci ildə Çou dövləti tərəfindən yıxılmasından sonra oradan qaçaraq Tapo kakana sığınan bir Tsi Şahzadəsini Tapo kakan Çin kakanı elan etməsi qohum Çou dövləti ilə münasibətlərin pisləşməsinə səbəb oldu. Çounu cəzalandırmaq məqsədi ilə izdihamlı bir ordu ilə Pekin bölgəsinə doğru irəliləyən Tapo kakan, Çou tərəfindən ona bir Çinli şahzadə vəd olunduqdan sonra səfəri dayandırdı. Çoular həmdə Tsi Şahzadəsini onlara verilməsini xahiş etdilər. Bu istəyə bir başa deyil bir ov əsnasında Tsi şahzadəsinin qaçırılmasına göz yumaraq dolayısı yolla icazə verdiyinə görə millətin nəzərində Tapo kakan etibardan düşdü.

Doğuda Tapo kakanın yanlışlıq etdiyi bir zamanda batıda İstemi kan böyük işlər görürdü. İstemi kan 576-cı ildə Azərbaycanı yenidən yadellilərin (Bizans) işğalından qurtararaq Türk kakanlıqının tərkibinə qatdı. Bütün Qafqazı Türk kakanlıqına bağladı və burda Kazar elini yenidən bərpa etdi. İstem kan 576-cı ildə Bizanslarla anlaşmanın pozulmasından sonra Kırımda Kerç qalasını ələ keçirdi. İstemi kan Bizansa saldırmağı hədəflədiyi bir vaxtda 576-cı ildə vəfat etdi. Bu kakanlıqıda olan hüzursuzluğu dahada artırdı. Yerinə oğlu Tardu kan oldu.

Bundan sonra 581-ci ildə Tapo kakan vəfat etdi. Kurultoy İşbaranı kakan seçdi. İşbara kakan seçildikdən sonra Çouları hakimiyyətdən uzaqlaşdırıb yerinə keçən Sui soyundan qisas almaq üçün Çin ölkəsinə hərbi səfər düzənlədi. Sui soyundan olan Çin hökmdarı Çində imtiyaz sahibi olan 10 min imtiyazlı Türk tacirini ölkədən uzaqlaşdırdı. Çin hökmdarı Venti, kakan olmaqdan məhrum olunan və Çinlilərlə qohumluğu olan Mukan kakanın Çinli arvadından olan oğlu Talopien vasitəsi ilə Kakanlıqın batı qanadının kanı Tardu kana altından qurt başı göndərərək onu bütün kakanlıqın Kakanı kimi tanıdığını elan edir. Tardu kan 582-ci ildə özünü Kakan elan etsədə kurultoy bunu təsdiq etmədi. Bundan sonra Tardu kan üsyan etməyərək Kakana bağlı qaldı. İşbara kakan başladığı müharibəni 587-ci ildə uduzdu. Barış danışıqları üçün Çinli diplomatları Yü Kinqtsi və Çanqsan Şengi Ötükənə gəlir. Bu iki Çinli Türk başkəndində azqınlıq edəcək qədər irəli getdilər. İşbara kakan Çin hemagonluğunu qəbul etdikdən sonra ölkələrinə döndülər. Bununla Türk Kakanı təslimçi sülhə imza atır. Lakin, bu sülh şərtini kafi görməyən Çin imperatoru daha da irəli gedərək Türkləri Çincə danışmağa, Çinlilər kimi geyinməyə, onların adətlərini qəbula təşviq və məcbur etməsi üçün İşbara kakana təzyiq etməyə başladı. Buna cavab olaraq İşbara kakan Çin imperatoru Ventiyə belə bir məktub göndərir. Bu məktub Türk tarixi baxımından diqqətə dəyər ibrətlər ehtiva etməkdədir: Sizə bağlı qalacaq, xərac verəcək, qiymətli atlar hədiyyə edəcəyəm. Lakin dilimizi dəyişdirə bilməm, dalğalanan saçlarımızı sizinkinə bənzədə bilməm, xalqıma Çinli paltarı geydirə bilməm, Çin adətlərini götürə bilməm. Millətim fövqəladə həssasdır, sanki çarpan tək bir ürək kimidir. Bu qarışıq dövrədə İşbara kakan 587-ci ildə öldü. Yerinə qardaşı Yehu (Çilohou) keçdi və az müddətdən sonra 588-ci ildə Yehu hakimiyyətdən uzaqlaşdırıldı və kurultoy tərəfindən Tulan Kakan seçildi.

Mərkəzdə bütün bunlar baş verdiyi vaxta digər tərəfdən də Tardu kan İran üzərinə yeriyirdi. 588-599-cu illərdə Dərbəndi, digər istiqamətdən Herat və Bağdad ətrafını tutdu. Türk ordusunu sonunda Bəhram Gur durdurmağı bacardı .

Bundan sonra Tardu kan, Tulan kakanın istəyi ilə Türklərin daxili işlərinə qarışdığı üçün 600-cü ildə Çinlə savaşa başladı. Savaşda tam olaraq üstünlük təmin edə bilməsədə Çin üçün sarsıdıcı zərbə vura bildi. Ancaq Ötükəndə sular bir türlü durulmaq bilmirdi. Elə həmin il yenidən kurultoy yığıldı və kurultoyda Yehu kakanın oğlu Kimin (Tulin) kakan seçildi. Tardu kan Kimin kakanın hakimiyyətini tanımaqdan imtina etdi. Buna cavab olaraq Kimin kakan boyları qanuni Kakanın əmrini icra etməyə və Tardu kanı cəzalandırmağa çağırdı. Bu çağrışa cavab olaraq Töleslər, Tüyühunlar və başqa boylar Tardu kana qarşı savaşa başladılar və 603-cü ildə Kuku-nor deyilən yerdə Tardu kan yoxa çıxdı. Kanın dirisi və ölüsü haqqında bir məlumat olmadı. Yerinə Tardunun nəvəsi Hosana kan təyin edildi. İstər Kimin kakan, istərsədə batı kanı Hosana Çinə heyranlığı o dərəcəyə çatmışdı ki, Kimin kakan Çin hökmdarına yazdığı məktubunda Türklər çinlilər kimi yaşamağa hazırdı yazmışdır. Hosana kan isə daha pis hərəkət edərək köçüb Çin sarayında yaşamağa başlamışdır.

Kimin kakandan sonra 609-cu ildə yerinə oğulu Şipi kakan oldu. Şipi kakanda Çinli bir şahzadə ilə evli olmasına baxmayaraq onu Türk mənfəətləri üçün Çinə qarşı bir cəsus olaraq istifadə etməyi bacardı. Çinin Türklərin daxili işlərə müdaxiləsini önləyən Şipi kakan 5-6 ilə kimi qısa bir zamanda kakanlıq torpaqlarındakı qarışıqlıqları 615-ci ildə tam aradan qaldırdı. Narahatlığa qapılan Sui hökmdarı yeni fitnə planlarını həyata keçirməyə başladı. Lakin, Kakan bu tələlərə düşmədi. Çinə verilən illik xəracı kəsdi. Çinə qarşı döyüş hazırlığına başladı. Şipi kakanın məqsədi quzey əyalətlərini gəzməyə çıxan Çin Sui hökmdarı Yanqtiyi əsir almaq idi. Lakin, Kakanın Çinli arvadı İçeng tərəfindən Çin hökmdarına xəbər çatdırıldı və Yanqti sürətlə geri dönməyə başladı. Şansının Yemen (bu günki Tai-hien) bölgəsində mühasirəyə alınan və qorxusundan ağladığı rəvayət edilən Çinli hökmdarın imdadına yenə bu Çinli şahzadə yetişdi. Şahzadə İçeng yalandan Türk ölkəsində böyük bir üsyanın başladığı xəbərinini göndərir və buna görədə 615-ci ildə Türk ordusunun geri çəkilməsini təmin etdir.

Sui hökmdarı Yanqtinin 615-ci ildə Türk ordusu qarşısında çətin vəziyyətə düşməsi Çində iç qarışıqlıqlara səbəb oldu, daxili müxalifət getdikcə gücləndi. Bu dəfə də Çin irəli gələnləri Türklərə sığınmağa başladılar. Şipi kakan indi Çin siyasətini silah olaraq Çinin özünə qarşı istifadə etməyə başladı. Şipi kakan Çin sarayını yağmalayaraq ələ keçirdiyi qiymətli əsərləri ona təqdim edən Lianq Şituyu 617-ci ildə Çin kakanı elan etdi. Liu Vu-Çou adlı digər bir komutanıda batı Çin kakanı elan edərək, Suilərə qarşı səfərə çıxardı. Şipi kakanın siyasi fəaliyyətlərindən tarixi baxımdan ən əhəmiyyətlisi isə Çin ümumi valisi olan Li Yüanı dəstəkləməsi olmuşdur. Onunla olunan bir razılaşma nəticəsində Türk ordusunun da köməyi ilə 618-ci ildə Li Yüan Suiləri Çin taxtından uzaqlaşdırmışdır. Bundan sonra Li Yüan başkənd Çanqandakı imperatorluq sərvətini Türk Kakanına təqdim etmiş, 30 min top ipək və illik vergi verməyi qəbul etmişdir. Bununlada Türk dəstəyini alaraq Suiləri iqtidardan uzaqlaşdıran Li Yüan Çində hakimiyyətləri 300 il qədər sürəcək məşhur Tanq sülaləsini (618-906-cı illər) qurmuş və özü də Kaotsu (618-626-cı illər) ünvanı ilə Çin imperatoru olmuşdur. Şipi kakan Li Yüandan batı qanadının kanı Hosananı 619-cu ildə almış və edam etdirmişdir. Hosana kanın yerinə Tardu kanın nəvəsi Tonqonu kan təyin etmişdir. Bununlada Şipi kakan babası İşbara kakanın qisasını Suilərdən aldı və Çin xəzinəsinə verdikləri bütün sərvətləri geri qaytardı.

Kakanlıqın mərkəzinin yeidən güclənməsi Avropada Türklərin hərəkətə gəlməsinə təkan verdi. Apar elinin iki yüz ildən çox sürən mövcudluğu dövründə ən mühüm hadisə Türklər tərəfindən İstanbulu mühasirə etmələri oldu. Bizans çox güman ki, Türk kakanlıqı ilə bağlanan ittifaq pozulmuşdur. Türklər 619 və 626-cı illərdə iki dəfə olmaqla şəhəri mühasirəyə almış və mühasirə çox şiddətli döyüşlərlə keçmişdi. Surlar qarşısında vuruşmalar günlərlə sürdü. Ancaq Türklərin donanması olmadığı üçün mühasirə bir nəticə vermədi. Türklərin Bizansın baş şəhrində böyük həyəcan yaranmasına səbəb olan ikinci hücumu tarixdə bəzi xatirələr də buraxdı. Türklərin çəkildiyi gün Bizansda bayram elan edildi və əsirlər boyu həmin gündə kilsələrdə ayinlər icra edildi.

Şipi kakan 619-cu ildə vəfat etdi. Yerinə Çulo kakan oldu. Çulo kakanda Çini təzyiq altında saxladı. Çindən vergi alırdı. Çulo kakan arvadının iştirakı ilə qurulan süqəst nəticəsində 621-ci ildə zəhərlənərək öldürüldü. Yerinə Kieli kakan oldu.

Tardunun kiçik nəvəsi Tonqon kan iç sabitliyi təmin edə bilmişdir. Ağıllı və cəsur, mahir bir döyüşçü və ağıllı taktikaçı olan Tonqon kan güneydə Qəndahara qədər irəliləyərək İranlıları məğlub etmiş, Çin ilə Kakanlıqın mənafeyinə uyğun olaraq münasibətlər qurmuşdur. Bir neçə yüz min heyətli güclü bir süvari ordusu yaratmışdı.

Bundan fərqli olaraq mərkəzdə isə Kieli kakan uğursuz idarəetməsi ilə bir faciyəyə yol açmışdır . Kieli kakan Tanq soyuna qarşı hakimiyyətdən salınmış Sui soyunu dəstəkləmiş, 627-ci ildə və 630-cu ildə döyüşlərdə məğlub olmuşdur. Nəticədə 630-cu ildə mühasirə etdiyi bir şəhəri ala bilməyərək geri çəkilən zaman Çinlilər tərəfindən əsir alınmış və Çinin başkəndində edam edilmişdir. Bu döyüşdə qalib gələn Çinlilər döyüşü saxlamamış və irəliləyərək Türk kakanlıqının başkəndi Ötükəni işğal etmişdir. Həmin ili Tanq soyundan olan Çin İmperatoru Taitsuq (627-649-cu illər) özünü Türk kakanı elan edərək rəsmən Türk kakanlıqını tanımadığını və Çinin əyaləti olduğunu elan etmişdir.

Ötükənin işğalından sonra Türk kakanlıqının batı torpaqları Türklərin idarəsi altında olsada Tonqon kanın 630-cu ildə ölümündən sonra bura hüçum edən Çinlilər bəzi soysuz boy bəylərinin köməkliyi ilə buranıda işğal etmişlər.

Ötükənin – Türk kakanlıqının mərkəzinin işğal olunması onun ucqar eli olan Aparlarada dağıdıcı təsir etdi. Tab boyları baş qaldırmağa və müstəqilləşməyə başladılar. 640-670-ci illərdə uzun sürən üsyanlar nəticəsində Balkanlar Bolqaraların, Tuna-Sava bölgəsi Horvat-Sloven kimi Slav boylarının, Bohemyada Çexlərin babalarının nəzarətinə keçərək müstəqilləşdilər. Zəifləyib kiçilməsinə baxmayaraq Apar eli təxminən 170 il daha varlığını qorudu. Lakin, Türk kakanlıqında başlayan böhran daha da şiddətlənəndən sonra 791-ci ildən etibarən Frank dövlətinin amansız hücumları sonunda 805-ci ildə tamamilə ortadan qalxdı. Parçalanan Apar qrupları, Türk kakanlıqının itirdiyi torpaqlar olan Doğu Macar eli və Balkanlara dağılıb qısa zamanda xristianlaşmış, dillərini unudaraq digər xalqlar içində ərimişlər. Qafqazlarda qalmış Aparlar isə müsəlman olduqlarına görə günümüzə qədər gəlib çatdılar.

Bundan sonra Türk kakanlıqına bağlı Kazar eli müstəqil dövlətə çevrildi. Türk Kakanlarının mənsub olduğu soydan olan Kourt Doulo 630-cü ildə Bolqar elini qurdu və müstəqil dövlət olduğunu elan etdi . Lakin, 665-ci ildə Kazar elinin tərkibinə qatıldı. Kazar dövləti Qafqazlar və Qara Dənizin quzeyindəki, İdil-Özi çayları və Çolman çayı-Kiyev arasındakı bütün torpaqları idarə etməyə başladı. Kazar eli indiki Azərbaycanın sələfidi. Bölgədə bir çox yer adları o cümlədən Kazar (Xəzər) gölünun və Azərbaycan adı da bu eldən qalan xatirədir .

Çin Türk kakanlıqının torpaqlarını işğal etdikdən sonra Kakanların soyundan gələnlərdən bir qisim şəxslər formal olaraq Türk ellərinin kanı simasında Çin sarayında yaşayaraq, Çin imperatorunun qulluqçusu halına gəlsədə, Kakanlıq soyundan olan digər şəxslər isə Çin imperiyası ilə mücadilələrini davam etdirdilər. Kül Tigin kitabəsində də yazıldığı kimi elli bodun idim, elm indi hanı, kimə eli qazanıram (qururam) deyər imiş. Kakanlı millət idim, Kakanım hanı, nə Kakana işi gücü verirəm deyər imiş (öz Kakanım üçün işləmirəm) düşüncələri içindəki Türk şadları zaman-zaman qiyama cəhd etsələrdə hamısı qanlı bir şəkildə basdırıldı. Kakan Yehunun oğlu Kür Şad 639-cu ildə 39 dostu ilə gizli bir mücadilə hərəkatı qurmuşdur. Tanq imperatorunun saray zabitliyinə yüksələn Türkşadı Kür Şad, Türk dövlətini diriltmək üçün 39 Türk ilə gizlicə razılaşır. Bəzi gecələr şəhərdə gəzməyə çıxan imperatoru tutaraq qaçırmaq planı qururlar. Lakin, planın tətbiq ediləcəyi gecə qəflətən çıxan fırtına üzündən İmperator saraydan çıxmadı. Qərarın gecikməsini görən Kür Şad və yoldaşları bu dəfə düz saraya getdilər. 40 Türk sarayı ələ keçirib başkəndə hakim olmağı düşünürdülər. Yüzlərlə gözətçi tələf edildisə də köməyə göndərilən ordu ilə bacarmadılar. Bundan sonra saray axırlarından seçmə atları götürərək Vey çayına doğru çəkildilər. Ancaq fırtına və sel körpüləri də yıxıb aparmışdı. Çay kənarında Çin ordusuyla döyüşən Kür Şad və yoldaşları şəhid oldular və bu dünyadan köçdülər. Türklər Çin imperiyası ilə 659-cu ilə kimi müharibə apardılar. Türqiş, Karluq kimi boyların rəhbərliyi ilə qurulan ellərin dəstəyi ilə Kakanlıq soyundan olan Holu 653-659-cu illər özünü Türk Kakanı elan edərək Çinlə müharibə etsədə başarılı olmadı.

Türklər bu döyüşlərdə uduzsalarda bir Türk elini qoruyub saxlaya bildilər. 630-cu ildə Çin işğalından sonra bəzi boylar Tola-Selenqa çayları bölgəsini əhatə edən Toqquz Oquz eli qurdular və bu el 682-ci ildə yenidən Türk kakanlıqı elan olunan zaman Kakanlıqın tərkibinə daxil oldu. Hesab edirik ki, bu Toqquz Oquz eli 630-682-ci illər arasında Türk kakanlıqının keçiçi varis olub.

630-682-cı illər arasındakı 52 illik zaman, Türk Kakanlıqının dağılması və el halına düşməsi, Türklərin torpaqlarının böyük bir hissəsinin işğal edilməsi, Toqquz Oquz eli istisna olmaqla kakanlıqlarını və müstəqilliklərini itirdikləri bir matəm dövrü oldu. Hər nə qədər digər Türk torpaqlarında kiçik müstəqil Türk dövləti olsada, dil, inanc və ənənələrini qorumuşlarsada torpqalarının işğal edilməsi, Türk kakanlıqının süqut etməsi, müqəddəs yer hesab edilən Ötükən məhrumiyyəti Türklər üçün şərəfi incidəcək bir iztirab qaynağı idi. Babalarımızın yazdığı kitabələrdən aydın olduğuna görə Türkləri bu fəlakətə salan üç əsas səbəb var:

1. Sonradan dövlətin başına gələn adamlarının bilgisiz (savadsız) olmasından qaynaqlanan pis idarəçilik: Bilgə kakan imiş , cəsur Kakan imiş. Buyruku yenə bilgə imiş təbii, cəsur imiş təbii. Bəyləri də milləti də doğru imiş. Onun üçün eli eləcə tutmuş (qurmuş, idarə etmiş) təbii. eli tutub (qurub) törəni yaratmış (yazmış). Ondan sonra kiçik qardaşı kakan olmuş təbii, oğulları kakan olmuş təbii. Ondan sonra kiçik qardaşı böyük qardaşı kimi kılınmamış olacaq, atası kimi kılınmamış olacaq (onun kimi olmadı). Bilgisiz kakan oturmuşdur, pis Kakan oturmuşdur. Buyruku da bilgisizmiş təbii, pis imiş təbii. Türk bəylər Türk adını buraxdı (adını dəyişdirdi). Çinli bəylər Çin adını tutub, Çin kakanına itayət etmiş əlli il işi gücü vermiş .

2. Türk bodununun səhv tutumu və davranışı: Türk bodnu, toxluğun qiymətini bilməzsən. Aclıq, toxluq düşünməzsən. Bir doysan aclığı düşünməzsən. Bəsləmiş (seçilmiş) olan Kakanının sözünü almadan (eşitmədən) hər yerə getdin. Həmişə orda məhv oldun, yox edildin. Orda, geri qalanınla hər yerə həmişə zəifləyərək, ölərək getdin. O yerə doğru getsən, Türk bodunu öləcəksən !

3. Çinlilərin bölücü və dağıdıcı təbliğatı: Çin millətinin sözü şirin, ipək parçası yumşaq imiş. Şirin sözlə, yumşaq ipək parçayla aldadıb uzaq milləti eləcə yaxınlaşdırarmış. Yaxınlaşdırdıqdan sonra o zaman pis şeyləri düşünürmüş. Şirin sözünə, yumşaq ipək qumaşına aldanıb çoxlu Türk bodunu öldü. Türk bodunu aldanıb öləcəksən !

Kür Şadın rəhbəliyindəki qırx igid müvəffəqiyyətsizliklə qarşılaşasalar da Türk millətinin ürəyindəki sönməz istiqlal atəşini alovlandırdılar. Onlardan sonra bu odla yanan Türklər hər fürsətdə baş qaldırdılar. Nuşifu 679-680-cı illərdə, Funien 681-ci ildə pis nəticələnən qiyamlar etsədə sonra nəhayət 679-cu ildə Kutluq Şad gizli bir təkilat qurmuş , ətrafına beş min Türk yığaraq mücadiləyə başlamış və 681-ci ildə ilk həmlə ilə Yünçun əyalətini almışdır. Sonra Çoqay dağlarından Karakun çölünə qədər olan torpaqları işğaldan azad etdi. Dağılmış boyları bir yerə topladı. Hədəfi başkənt Ötükəni almaq idi. Nəhayət 681-ci ilin sonuna qədər sürən döyüşlərdən sonra Çin imperatoru məğlub edildi və Ötükən işğaldan azad oldu. Ötükəndə 630-682-ci ilə qədər sürən müharibənin başa çatdığı, Çinin məğlub edildiyi elan edildi. Kurultoyda Kutluq Şad İltiriş adı ilə Kakan seçildi. Qardaşı Kapaqan Şad və Sol el kanı (Batı kanı), digər qardaşı Tosifu Yabqu, kakanlıqın bərpa olunmasında böyük rolu olan Bilgə Tonyukuk kənəş ayquncu seçildi. Çinli bir şahzadə ilə deyil bir Türk qızıyla evləndi. Bilgə və Kültigin adında iki oğulu oldu.

İltiriş kakan zamanında Kakanlıq gücləndi Türk boyları və elləri birləşdirildi. İltiriş kakan 682-687-ci illərdə 58 dəfə Çin üzərinə hücum etmiş və hər dəfə qələbə çalaraq geri dönmüşdür. Törəni yenidən qüvvəyə mindirdi və Ötükəndə Türk bayrağını yenidən dalğalandırdı. İltiriş kakan 692-ci ildə vəfat etdi.

İltiriş kakan ölüncə yerinə qardaşı Kapakan kakan oldu. Kapakan kakan 693-696-cı illərdə Çin üzərinə 20-dən cox hücum etdi. Və hamısında zəfər çaldı. Çinin Tanq soyundan olan İmperatoriçası Vuyu 125 min kq toxumluq buğda, 3 min əkinçilik aləti, 40 min kq dəmir verməyi və Çin əsirliyində olan bütün Türkləri azad etməyi nəzərdə tutan sülh müqaviləsini imzaladı. Bu döyüşlərlərin nəticəsində Kitanlarda Türk birliyinə qatıldılar.

Türk kakanlıqının mücadilə dövründə bir çox boylar kimi Qırqızlar və Türqiş boylarının qurduqları eyni adlı ellər müstəqil olaraq qalmaq istədilər. Kapaqan Kakan 696-cı ilin sonu 697-ci ilin əvvəli Anı çayı yanında Qırqızları basdı və Qıqızlar təslim oldu. Sonra Türqiş üzərinə getdi və Urugu gölünün güney-batı sahilində, bu günki Tokio qəsəbəsi yaxınlığında 698-ci ildə baş vermiş Bolçu savaşında Türqişləri yendi. Çinə meyilli olan Türqiş kanı Uçele edam edildi. 699-cu ildə Onoklar elinin bütün boyları o cümlədən Tolu və Nuşipi boyları Türk kakanlıqının tərkibinə qatıldı. Bununla Kapqan Kakan 100 il sonra bütün Türkləri yenidən birləşdirdi . Mücadilə dövrü yekunlaşdıqdan sonra sonra Bilgə sol el kanı, Tosifu Başbuq, İnel Şad seçildi.

Kapaqan kakanın qızını guya öz oğluna almaq istəyən Çin imperatriçası Vu, Kakanı aldatmaq istəyərək öz oğlunu deyil sıradan bir adamı Kakana göndərir . Bunu bilən Kapaqan kakan Bilgə Tonyukuk və Bilgə Şadın başçılığı ilə Çin üzərinə ordu göndərir. Türklər Çinin 23 şəhərini yandırır, Kueiçu, Tançu, Pingçu, Yüçu, Tinqçu, Çaoçu əyalətlərini 30 dəfə yağmalayır. Çin geniralı Yençiveini Çin imperatoru təyin edir.

Türklər 700-701-ci illər Maveraünnehiri tutdular. 701-704-cü illərdə Çin üzərinə yenidən 20-dən artıq səfər etdilər, çoxlu qənimət və əsirlərlə geri döndülər. İyirmi iki il səltənəti sürən Kapakan kakan 716-cı ildə vəfat etdi. Ölümündən sonra oğlu İnel kakan seçildi. Lakin, İnel kakan zəif iradəli olduğundan elə həmin il taxtan endirildi və Bilgə kakan elan edildi, Kültigin isə sol el kanı oldu. Bilgə kakan ilə Kültigin iç və dış bütün təhlükə və təhdidləri ortadan qaldırdılar. 720-ci ildə Çini ağır məğlubiyyətə uğuratdılar, 716-725-ci illərdə savaşların nəticəsində baş qaldıran hər boya (Türk və qeyri Türk) boyun əydirdilər. Ölkənin, millətin və dövlətin birliyi təmin edərək Türk kakanlıqının gücünü bərpa etdilər. 725-ci ildə (bəlkədə 726-cı ildə) Ayquncu Bilgə Tonyukuk vəfat etdi.

Türk kakanlıqının Göytürklər dövrünün ən əhəmiyyətli mədəni əsəri Orkun abidələridir. Türk yazısı ilə yazılan üç abidə 725-735-ci illər arasında tikdirilmişdir. Bunlar Bilgə kakan ilə qardaşı Başbuq Kül Tiginin və Bilgə kakanın qayınatası olan Ayquncu Bilgə Tonyukukun abidələridir . Yazılarda bir ara Çin əsarətinə düşən Türk dövlətini yenidən inkişaf etdirmək üçün göstərdikləri səylər təsvi edilir və gələcək Türk nəsillərinin bu təcrübələrdən faydalanmaları istənilir.

Kül Tigin 731-ci ilin fevral ayının 27-də 47 yaşında vəfat etdi. Bilgə kakan bundan çox kədərlənmiş və kiçik qardaşım Kül Tigin vəfat etdi. Özüm düşüncəyə daldım. Görür gözüm görməz kimi, bilir ağlım bilməz kimi oldu. Özüm düşüncəyə daldım. Zamanı Tengri yaşar (yalnız Tengri ölməz, həmişə yaşar). İnsan oğlu həmişə ölmək üçün törəmiş demişdir. Sonra Buyruq Çor tərəfindən Bilgə kakana süiqəst təşkil edildi və Bilgə kakan zəhərləndi. Bilgə kakan Buyruq Çoru edam etsədə özü 25 noyabır 734-cü ildə öldü. Ölkə yasa qərq oldu, hətta Çin imperatoruda Çində yas elan etdi. Bilgə kakandan sora oğlu İyan kakan oldu, 740-cı ildə isə Bilgə kakanın arvadı və Tonyukukun qızı Pofu Katun rəhbər oldu. Sonra 742-ci ildə Ozmış Kakan oldu.

Ozmış kakan zamanında Karluqlarla Uyqurlar 742-ci ildə başlayaraq Türk kakanlıqında hakimiyyət mübarizəsinə girişdilər. Bir çox boyların iştirakı ilə yeni bir kurultoy çağrıldı. Karluqlardan Asina soyundan törəmiş boydan olan Basmil Başbuqu Kakan elan etdilər. Artıq kakanlıq vəzifəsi əllərindən çıxmasına baxmayaraq Göytürklər daha üç il yalnız Ötükən sınırları daxilində hakimiyyətlərini qoruya bildilər. Lakin, 745-ci ildə Ozmışin yerinə keçmiş və yalnız Ötükən daxilində hökmü keçərli olan Göytürklərin sonuncu nümayəndəsi Pomeyin zamanında Ötükənidə Göytürklərin əlindən aldılar. Ötükəndə çağrılmış yeni kurultoyda 745-ci ildə böyük Türk kakanlıqının taxtına Uyqur elindən olan Kutluq Bilgə Kül kakan seçildi . Bundan sonrada Göytürklərdən gələnlər və hətta Tonyukukun nəvələri Uyqur, Qırqız dönəmlərində və sonrada Türk kakanlıqında yüksək vəzifələrində çalışdılar.

Göytürklər dönəmi
Göytürklər dönəmində Türk dövlətinin bayrağı olduğu hesab olunan bayraq.
Göytürklər dönəmi
Göytürklər dönəmində yazılmış və Orhun kitabələri adı ilə tanınan daş kitablar (taş bitig).
Göytürklər dönəmi
Göytürklər dönəmində Türk kakanlıqının ərazisi (xəritəsi).
Yazar: Bayram Məmmədli Oxunma: 1206 Bölmə: Tarix
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?