Arama
Fındıq (adi fındıq) və fındıq ağacı

Bitkinin adı: Fındıq və ya adi fındıq.

Canlı aləm: Bitkilər.

Aləmin şöbəsi: Örtülütoxumlu.

Şöbənin sinifi: İkiləpəlilər.

Sinifin sırası: Fıstıqçiçəklilər.

Sıranın fəsiləsi: Tozağacıkimilər.

Fəsilənin cinsi: Fındıq.

Cinsin növü: Adi fındıq.


Tərkibində olanlar:

Şəkər miqdarı: 3.5%.

Yağ: 65%.

Vitaminlərin adları: C və E vitamini

Kalorisi: 6 kalori/dənə.


Müalicəvi əhəmiyyəti:

Tətbiq olunan xəstəlikləri: Fındıq yemək immunitet sistemini gücləndirir, Sinir sistemini və beyin sağlamlığını qoruyur, şəkər riskini azaldır, xolesterolun miqdarını azaldır, xərçəngə qarşı orqanizmi qoruyur, qəbizliyin qarşısını alır, əzələləri gücləndirir, erkən yaşlanmanın qarşısını alır, qansızlığa fayda verir, sümükləri bərkidir, dəriyə parlaqlıq, canlılıq qazandırır, zehni yorğunluğu azald.


Haqqında digər bilgi:

Fındıq hündürlüyü 3-10 metrə çatan, kol şəkilli, çətiri sıx və yumurtavari olan, sıx budaqlı bitkidir. Gövdəsi açıq-boz, cavan zoğları isə açıq-qəhvəyi rəngdədir. Yarpaqları 5-13 sm uzunluqda, 5-9 sm enində oval formadadır. Yarpağın uc hissəsi mişardişli şəkildədir. Yarpağın üst tərəfi tünd-yaşıl, nisbətən tüklü, alt tərəfi açıq yaşıldır və alt tərəfində 8-10 cüt damarlar müşahidə olunur. Tumurcuqları uzunsov, qırmızıya çalan bəzən qonur rənglidir. Çiçəkləri müxtəlifcinslidir. Erkəkcik sırğaları 2-5 sm uzunluqdadır. Qarzaqlı meyvələrinin uzunluğu 15-20 mm-ə qədərdir, meyvəsinin qabığı nazikdir. Fevral-mart aylarında çiçəkləyir. Meyvələri avqust ayının sonu - sentyabr aylarında yetişir.

Kənd Təsərrüfatı Nazirliyinin saytındakı məlumata görə fındıq bitkisi 20-yə qədər geniş yayılmış növ üzrə birləşmişdir. Bunlardan Azərbaycanda uzun müddətli seçmə nəticəsində, xalq seleksiyasının məhsulu olan sortlar (Ata-baba, Yağlı fındıq, Gəncə fındığı, Əşrəfi və həmçinin gətirilmə Kudryavçik sortu) geniş əkilib becərilir.

Əkimi və qulluğu:

Kənd Təsərrüfatı Nazirliyinin saytındakı məlumata görə fındıq əsasən kök pöhrəsi, basma və kolların bölünməsilə artırılır. Pöhrələr qabaqcadan nişanlanmış kollardan götürülür. Əsasən 2-3 illik pöhrələr çıxarılır. Çiçək tumurcuqları birillik budaqlarda yaranır. Belə budaqlar 7-10 il ərzində məhsul verir. Bundan sonra onlar kəsilib atılır. Budama zamanı gövdələrin ucları vurulur, pöhrələr kəsilir, keçən il məhsul vermiş budaqlar 2-3 tumurcuğa qədər gödəldilir.

Kənd təsərrüfatı Nazirliyi (© agroinfo.az) Təlim mərkəzi tərəfindən fındığın əkilib beçərilməsi üçün təqdim edilən təlimat:

Fındıq bitkisinin əhəmiyyəti. Fındıq bitkisi respublikada qərzəkli meyvə bitkiləri arasında yayılma arealına, əkin sahəsinə və məhsuluna görə birinci yeri tutur. Fındıq ləpəsi təzə halda istifadə edilməklə yanaşı, ondan müxtəlif qənnadı məmulatları hazırlanır, yağ alınır və uzun müddət keyfiyətini itirməyən un istehsal edilir. Bu undan müxtəlif tortlar və pirojnalar hazırlanmasında istifadə edilir.

Fındıq yağından ətriyyatda, rəssamlıqda, sabun və şam hazırlanmasında istifadə olunur. Meyvə qabığından təbabətdə işlənən kömür alınır. Bitkinin cavan budaq və zoğlarından səbət və zənbil toxunur.

Azərbaycanda becərilən sortları. Respublikamızda fındığın əsasən xalq seleksiyası (Yağlı fındıq, Ata baba və Əşrəfi sortları) və introduksiya olunmuş sortları becərilir. Bu sortlar əsasən Şəki-Zaqatala və qismən Quba-Xaçmaz bölgələrində geniş yayılmışdır. Bu sortlardan ən məşhur olanı, Şəki–Zaqatala bölgəsində geniş yayılmış xüsusi dadı və digər müsbət keyfiyyətləri ilə, seçilən “Atababa” sortudur.

Xarici səraitə münasibəti. Fındığın bol məhsul verməsi üçün nəmli, mülayim iqlimin olması əsas şərtlərdən biridir.

İllik orta temperaturun 12-16° C olduğu bölgələr fındıq yetişdirmək üçün daha əlverişlidir. Gövdəsi və budaqları 25…30° şaxtaya davam gətirə bilir.

Erkək çiçəkləri 10-12°, dişi çiçəkləri isə 5-6° şaxtaya dözə bilir. İllik yağıntıların 700 mm olması və yağıntıların aylar üzrə bərabər paylanması olduqca önəmlidir.

Fındıq bitkisi saçaqlı kök sisteminə malik bitki olduğundan kökləri çox dərinə getməyib, yanlara doğru yayılır. Torpağın münbitliyinə çox tələbkardır. Torpaqda pH-ın 5-7 arasında olması tələb olunur. Yaxşı rütubətlənmiş, dərin şum qatlı, münbit, gilli və gillicəli torpaqlar fındıq üçün çox əlverişlidir.

Artırılması. Fındıq əsasən kök pöhrəsi, basma və kolların bölünməsilə artırılır. Əkin üçün əsasən qabaqcadan nişanlanmış kollardan 2-3 illik pöhrələr çıxarılaraq istifadə edilir. Basmalarla artırmaq üçün qövsi (a), şaquli (b) və üfiqi (c) basmadan istifadə edilir.

Pöhrələrdən artırma məqsədilə istifadə edildikdə pöhrələr günəş düşən tərəflərdən xəstəliyi olmayan, zədələnməyən kollardan götürülür. Pəhrələrin gövdələri düz olub, 1-1,5 sm qalınlığında olmalıdır.

Seçilmiş pöhrələrin boyu 70-100 sm olmalı, 1-2 illik yaxşı kök sisteminə və 3-4 ədəd tumurcuğa sahib olmalıdır. Əkilmədən öncə bu pöhrələdə əkin budanması aparılmalı, bu zaman zədələnmiş köklər sağlam hissədən kəsilməli, uzun köklər 15-20 sm olaraq qısaldılmalıdır. Üzərində 3-4 tumurcuq qalacaq şəkildə ən yuxarıdakı tumurcuqlar kəsilməlidir.

Bağın salınması və qulluq. Fındıq bitkisi üçün düzən sahələr və ya mailliyi 10-15°-yə qədər olan yamaclar seçilir. Kollara qida sahəsi sortun bioloji xüsusiyyətindən və torpağın münbitliyindən asılı olaraq 8x6 m verilir. Bununla yanaşı müasir becərmə texnologiyalarının və torpaq becərən kənd təsərrüfatı avadanlıqlarının meydana gəlməsi ilə əkin sxemi 5x5 m, 5x4 və ya 5x3 m olan intensiv bağlar salınmaqdadır.

Tinglərin əkini payızda aparılır. Ting əkiləcək hər çalada 10 kq çürümüş peyin, 300 qram superfosfat və 50 qram kalium duzu torpaqla qarışdırılır. Ting əkildikdən sonra ətrafında 1m2 diametrində kasa düzəldilir və suvarılır. Sortlar bölgələrə uyğun olaraq seçilməlidir. Bağ salınarkən əsas sortlarla yanaşı əkilmiş sortların tozlayıcıları da seçilməlidir. Əsas və tozlayıcı sortu elə seçmək lazımdır ki, məhsulun yetişməsi eyni vaxta düşsün. Bir sahədə iki əsas sort əkilə bilər, 3-4 sortun yerləşdirilməsi də məqsədəuyğundur. Əsas sortdan 6 cərgə, tozlayıcıdan isə 2 cərgə əkilməlidir. Lakin tozlayıcı elə seçilməlidir ki, onlarda dişi çiçəklər açılan zaman erkək çiçəklər də açsın.

Cavan bağlarda cərgə araları qara herik və ya tərəvəz bitkiləri altında saxlanılır. 5-6 ildən sonra, ağaclar tam məhsula düşdükdə gövdə ətrafı təmiz, cərgəarası isə vegetasiya dövründə 3-4 dəfə becərilməklə çoxillik ot altında saxlanılır.

Budanması. Yeni əkilmiş pöhrələrə iki il müddətində müdaxilə olunmur. 3-cü ildən başlayaraq fındığın budanması oktyabr, noyabr və dekabr aylarında aparılır. Qışı sərt keçən bölgələrdə isə budanma fevralın axırı, martın əvvəllərində aparılmalıdır.

Adətən böyümüş tinglər 80-100 sm hündürlükdə kəsilir.

Gübrələmə. Gübrələmə sistemini seçmək üçün mütləq ilk öncə bağda torpaq və yarpaq analizləri aparılmalıdır. Torpaqda qida maddələrinin miqdarında çatışmazlıq olduqda tələb olunan gübrə norması hesablanaraq tətbiq olunmalıdır.

Bir hektar fındıq bağına 30-40 ton peyin, mineral gübrələrdən isə 180 kq fosfor, 60 kq kalium gübrəsi verilməlidir. Kirəcsiz torpaqlara hər 5-6 ildən bir 7-8 ton girəc verdikdə məhsuldarlıq 25%-ə qədər artır. Azot gübrələri əsasən fevral-mart və may-iyun aylarında verilir. Gübrələri fındığın ətrafındakı 30-40 sm genişliyindəki əraziyə, 5-10 sm dərinliyə vermək lazımdır.

Fosforlu və kaliumlu gübrələr 3 ildə bir dəfə olmaqla 15-25 sm dərinliyə noyabr-fevral aylarında verilir.

Xəstəlik və zərərvericilərlə mübarizə. May ayında fındıq qurduna, iyul ayında fındıq filiz güvəsi və may böcəyinə qarşı dərmanlama aparılmalıdır.

Suvarma. Rütubətə tələbkar bitkidir. Xüsusən yay dövründə, meyvələrin formalaşdığı və çiçək tumurcuqlarının yarandığı dövrdə rütubətə ehtiyacı daha çox olur.

Lakin artıq rütubətliliyə də davam gətirmir. Qumlu, gilli-qumlu və çınqıllı torpaqlarda suvarma tez-tez, kiçik normalarla aparılmalıdır. Adətən şırım suvarmasından istifadə olunsa da mütərəqqi suvarma texnologiyalarından olan damcı suvarma üsullarının tətbiqi də mümkündür. Şəki Zaqatala bölgəsində yaşlı, bar verən fındıq bağları iyul-avqust aylarında suvarılır.

Bağlar suvarılmadıqda meyvələr tökülür, tökülməyən meyvələrin ləpəsi xırda olur. Respublikanın dağətəyi bölgələrində fındıq bitkisinin suvarılması vacibdir.

Fındıq (adi fındıq) və fındıq ağacı
Fındıq bağından görünüş © Fotot AZƏRTAC
Fındıq (adi fındıq) və fındıq ağacı
Qarzaqlı fındıq meyvəsi © Fotot FED.AZ
Fındıq (adi fındıq) və fındıq ağacı
Qabığından təmizlənmiş fındıq meyvəsi © Fotot FED.AZ
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?